Xəbər verdiyimiz kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Bundan əvvəl Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Bu görüşlə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Unikal"a bildirib ki, Azərbaycan Avropa meydanında ən əsas mövzusunu yenə də qaldıracaq.
Onun sözlərinə görə, hazırda Qarabağda gərginliyin artmasının şahidi oluruq:
"Bu proseslər ondan irəli gəlir ki, Ermənistan indiyə kimi öz ərazi iddialarında əl çəkmir. Paşinyan açıq şəkildə bəyan edir ki, onlar Qarabağ siyasətini təzə şəraitdə davam etdirmək istəyirlər. Etiraf edirlər ki, guya, orada onların könüllü gələn əsgərləri var. Bu, işğalın davamıdır. Müharibədə məğlub olmasına baxmayaraq, Ermənistan tərəfi işğalçı siyasətini davam etdiri. Bu, qəbuledilməzdir. Azərbaycan buna qarşı öz siyasətini davam etdirəcək. Bu, müxtəlif üsullarda ola bilər. O cümlədən, güc tətbiq edilməsidə bura daxildir".
Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olarsa, hansı məsələlərin müzakirə olunacağına gəlincə, eks-nazir qeyd edib ki, Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər:
"Ermənistanın cəmiyyətində sual mövcuddur ki, ölkə gələcəkdə hansı yolla gedəcək. Bu seçimi sülhə yönəltmək üçün bu cür tədbirlər lazımdır. Azərbaycan müxtəlif üslublardan istifadə etməlidir. Güc də tətbiq oluna bilər. Onunla yanaşı bu cür tədbilərdə iştirak etmək də vacibdir".
Anar Kəlbiyev