Müzakirələrimiz zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarıma məlumat verdim.
"Unikal" xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, regionda kommunikasiyaların açılması, dövlət sərhədinin müəyyən edilməsi üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü istiqamətində Azərbaycan tərəfinin təklifləri barədə həmkarını məlumatlandırıb:
“Ermənistana sülh sazişi üzrə olunan təklifi və artıq fevral ayından etibarən Azərbaycan tərəfindən həmin sazişin təməl bazası üçün təkliflərimiz barədə məlumat verdim. Son günlər ərzində Ermənistan tərəfindən bu istiqamətdə bir sıra şəxslər tərəfindən müsbət mesajları eşidirik. Azərbaycan dəfələrlə öz mövqeyini ifadə edib”.