30 illik işğala son qoyulandan və üçtərəfli bəyanat imzalanandan qısa müddət sonra Azərbaycan dövləti ən yüksək səviyyədə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ), Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünə dair sualı cavablandırarkən deyib.
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifi irəli sürülüb:
“Ötən təxminən 1 il ərzində Azərbaycan bu istiqamətdə Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu ilin fevral ayının 21-də isə Azərbaycan tərəfi daha spesifik, konkret və sadə bir sənədi Ermənistan tərəfinə göndərib. Bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını özündə ehtiva edən 5 baza prinsipidir. Biz çox konkret təklif vermişik. Bütün prinsiplər beynəlxalq hüquqa əsaslanır. Bu barədə ictimaiyyətə geniş məlumat verilib. Biz bununla növbəti dəfə öz xoş niyyətimizi göstərdik”, - XİN başçısı qeyd edib.
XİN başçısı qeyd edib ki, son bir neçə gün ərzində Ermənistanın yüksək səviyyəli siyasətçiləri tərəfindən müsbət mesajlar səsləndirilir: “Biz tərəflər arasında əlaqələrin olmasını müsbət qiymətləndiririk. Azərbaycan tərəfi hər zaman danışıqlara açıq siyasət həyata keçirir. Hesab edirik ki, 6 aprel görüşü növbəti bir imkandır. Azərbaycan tərəfi mövqeyini açıq ifadə edib. Mən öncədən olduqca qabaqlayıcı hansısa mesajlar vermək istəməzdim. Düşünürəm ki, yaxın günlərdə Ermənistanın bu məsələyə nə dərəcədə ciddi yanaşdığını, nə qədər konkret addımlarla irəliləməyə hazır olduğunu görəcəyik. Azərbaycanın yanaşması buna adekvat olacaq”.