Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi statusunda Mariya Peyçinoviç Buriçi Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və 2019-cu ilin aprellində Xorvatiyanın baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir qismində ölkəmizə səfərini və səfər çərçivəsində görüşlərini qeyd edib.
Dövlətimizin başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.
Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasında üzvlüyünün yüksək dəyərləndirildiyini dedi və üzvlük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edildi və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulayıb.
Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verib.
Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğulayıb.
Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd edib.
Avropa Şurasının Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirib.
Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.