Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.
"Unikal" xəbər verir ki, tərəflər, Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə nəzər yetirib, bu günədək 65 müqavilənin imzalanıb, ratifikasiya edildiyi, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib. AŞ-Azərbaycan arasında öncəki Fəaliyyət Planları çərçivəsində qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb.
Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.
Nazir AŞ rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, eləcə də Azərbaycan Hökumətinin həyata keçirdiyi humanitar minadan təmizləmə işlərindən bəhs edib. AŞ Baş katibinin diqqətinə, hələ 1990-cə illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı məlumatın verilmədiyi çatdırılıb. Azad olunmuş ərazilərdə aşkar olunan kütləvi məzarlıqların Ermənistan tərəfindən azərbaycanlıların sistematik şəkildə və məqsədyönlü öldürüldüyü və bu barədə məlumatın gizlədildiyinin sübutunu təşkil etdiyi bildirilib.
C.Bayramov bölgənin gələcək inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh, sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.
Görüşdə tərəflər, regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.