"Partlayış klubun orta hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın altındayam".
"Unikal" xəbər verir ki, bunun aprelin 3-də baş verən partlayış zamanı "Location" klubda olan müğənni Nicat Məhərrəmov "Bizimləsən" proqramında deyib.
Müğənni partlayış baş verən anda yaşadıqlarından söhbət açıb:
"Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdən çıxmışam, görən şok olur. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var".
Qeyd edək ki, "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.