"Hər zaman bildirirəm ki, onlar ilk növbədə atəşkəs rejimi tətbiq etməlidirlər".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib. O bildirib ki, bu, çox önəmli məsələdir və danışıqlara böyük kömək edəcək:
"Məsələn, Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəs barədə razılıq əldə etdi, bundan sonra ölkəmizdə inkişaf başlandı. 30 ildən sonra isə biz öz torpaqlarımızı işğaldan azad etdik. Rusiya-Ukrayna müharibəsinə gəldikdə, bəyanatlara baxarkən belə düşünürəm ki, vaxt hələ yetişməyib. Çünki oyunçular çoxdur".
Bu müharibənin nə zaman bitəcəyi sualına gəlincə, E.Məmmədyarov qeyd edib ki, bütün müharibələrin bitdiyi bir zaman olur:
"Sülh sazişi ilə və ya sülh sazişi olmasa da, əlaqələri bərpa etməklə bu məsələ öz yolunu tapır. Bu müharibənin necə bitəcəyinə gəlincə, fərqli yanaşmalar var. Bir daha qeyd etmək istərdim ki, atəşkəs rejimi ilə bağlı razılığa gəlsələr, deyərdim ki, bu düz istiqamətdir. Atəşkəs məsələsi nə Rusiya, nə də Ukrayna tərəfindən səsləndirilir. Gərək Rusiya və Ukrayna arasında atəşkəs əldə olunsun. Əgər atəşkəs əldə olunsa, danışıqlar o zaman pozitiv şəkildə davam edər".
Eks-nazir Rusiya-Ukrayna müharibəsinin iqtisadi baxımdan ölkəmizə təsirlərinin olacağını vurğulayıb:
"Biz həm Rusiyadan, həm də Ukraynadan buğda alırdıq, müharibəyə görə qiymətlər qalxacaq. Bu baxımdan Azərbaycana da iqtisadi təsirləri olacaq. Buğda ilə yanaşı digər məhsulların da qiymətinə təsir edəcək. Siyasi baxımdan isə hansısa təsir olacağına inanmıram".
Anar Kəlbiyev