Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətimizin başçısına məlumat verərək bildirdi ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur.
Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.
Qeyd edək ki, Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları yaradılıb.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.