Azərbaycan Dillər Universitetinin (ADU ) Konfutsi İnstitutunda “İnsanın kosmosa uçuşu” Beynəlxalq Gününə həsr olunmuş “Azərbaycan və Çin: Kosmosa İpək yolu” adlı tələbə seminarı keçirilib.
"Unikal" xəbər verir ki, seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çinin Kosmik Fəaliyyətləri-2021” Ağ Kitabında əksini tapan Çinin kosmosun tədqiqi ilə bağlı siyasətinin məqsədi, prinsipləri və xüsusiyyətlərindən danışıb.
R. Abbasov Azərbaycanda kosmik tədqiqatların inkişafında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayaraq, Beynəlxalq Astronavtika Federasiyasının 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Konqresindən bəhs edib.
Dünyanın 30 ölkəsindən tanınmış kosmonavt, astronavt və alimlərin iştirak etdiyi konqresdə kosmik nəqliyyat sistemlərinin inkişafına, avtomatik peyklərin istismarına və Yerin təbii sərvətlərinin tədqiqinin kosmik üsullarına xüsusi diqqət yetirilib.
R. Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncamını da xatırladaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kosmik sənayenin uğurlu inkişafı və peyk layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq kosmik birliyin tamhüquqlu üzvü oldu.
Seminarda ADU-nun çinşünas tələbələri Çinin “Şençjou” kosmik pilotlu uçuş proqramları, “Beydou” qlobal naviqasiya peyk sisteminin həyata keçirilməsi, "Tyanven" zondunun Marsa enişi barədə çıxışlar ediblər. “Çan-E” Ay Proqramının həyata keçirilməsi nəticəsində Çin Ayın əks tərəfində tədqiqat aparan ilk ölkə olduğu qeyd edilib.
Tələbələr həmçinin, Azərbaycan Respublikasının kosmik sənayesinin yaradılması və inkişafı, peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramları, kosmik tədqiqatlar və peyk vasitəsilə məsafədən müşahidə və peyk rabitəsi xidmətlərinin genişləndirilməsi barədə danışıblar.