Ukraynaya işğalçı hücumunun 50-ci günündə Rusiyaya qarşı sanksiyalar get-gedə artsa da, bəzi rus oliqarxlarının sanksiyalardan azad edilməsi suallar doğurur.
"Unikal" xəbər verir ki, Rusiyanın ən varlı adamı Vladimir Potaninin ABŞ-ın sanksiya siyahısına salınmaması tənqidlərə səbəb olub.
“Financial Times” qəzeti Rusiyanın bəzi aparıcı oliqarxlarının sanksiyalardan demək olar ki, təsirlənmədiyinə diqqət çəkib. Bəzi mənbələrə görə, ABŞ Rusiya iqtisadiyyatına zərər vermək istəyir, lakin qlobal iqtisadiyyatı sarsıdacaq addımlar atmaqdan çəkinir.
Sanksiyaların tətbiqində uyğunsuzluqların olduğunu yazan qəzet, Kremlə ən yaxın olan bəzi şəxslərin heç bir şəkildə sanksiyalardan təsirlənmədiyini vurğulayıb.
Belə ki, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərin ortalarında dövlət tərəfindən maliyyələşdirilən proqramlar vasitəsilə sərvət qazanan Potanin 2022-ci ilin martına görə Rusiyanın ən varlı adamı, dünyanın isə 58-ci ən varlı adamıdır. 25 milyard dollara yaxın sərvəti olan Potanin 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının maliyyələşdirilməsini də dəstəkləyib və prezident Vladimir Putinlə xokkey oynayarkən görüntülənib.
Ukraynanın işğalından sonra Kanada və Avstraliyanın sanksiya siyahısına daxil edilən rusiyalı oliqarx ABŞ və Avropa Birliyinin bir çox rus iş adamlarını və şirkətlərini hədəf alan sanksiya siyahısında yoxdur. Potanin kimi bəzi rus oliqarxlarının Qərb ölkələrinin sanksiyalarından azad edilməsi və Qərblə işgüzar əlaqələrinin davam etdirilməsi reaksiyalar yaradıb.
Məlumata görə, bu vəziyyət ABŞ Konqresində və bir çox qurumda etirazlara səbəb olub. “Əsl məsələ Putinlə münasibətlərdirsə, bu siyahı daha uzun olmalıdır”, - Rusiya biznes ictimaiyyətinə yaxın olan qərbli bankir deyib.
ABŞ-dakı Co Bayden administrasiyasına yaxın bəzi mənbələr Vaşinqtonun sanksiyaların qlobal bazarlara mənfi təsirindən və bazardakı qeyri-sabitlikdən qaçmağa çalışdığını bildirib. 2018-ci ildə Rusiyanın alüminium şirkəti "Rusal"a qarşı tətbiq edilən sanksiyalar dünya alüminium bazarını şoka saldıqda ABŞ geri addım atmalı və bu sanksiyalardan imtina etməli oldu.
Rusiyada nikel istehsalında mühüm rol oynayan Potaninə qarşı sanksiyaların eyni şəkildə avtomobil akkumulyatorlarında istifadə edilən nikelin tədarükündə də ciddi problemlər yaradacağından ehtiyat edilir. ABŞ Maliyyə Nazirliyinin rəsmisi də ABŞ və müttəfiqlərinə təsir edə biləcək sanksiyalardan qaçdıqlarını bildirib.
Potanindən başqa, Böyük Britaniya və Aİ-nin sanksiya siyahısında olan rusiyalı oliqarx Aleksey Mordaşova indiyədək ABŞ-da sanksiya tətbiq edilməyib. Bundan başqa, Qərb ölkələrində çoxlu sərmayələri olan rusiyalı oliqarxlar Mixail Fridman və Petr Aven heç bir sanksiyaya məruz qalmayıb. Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan Leonid Mixelsonun ABŞ və Aİ-nin sanksiya siyahısına salınmaması da mübahisələrə səbəb olur.
Rusiyanın metal və mədən sənayesində aparıcı adı olan Əlişir Usmanov sanksiya siyahısına salınsa da, onun şirkətlərinə toxunulmayıb. Sanksiyalar nəticəsində İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi"ni satmağa qərar verən Roman Abramoviç Rusiya ilə Ukrayna arasında vasitəçilik səyləri səbəbiylə ABŞ-ın sanksiya siyahısına daxil edilməyib. Bundan başqa, Putinin doktorluq müşaviri olan milyarder iş adamı Vladimir Litvinenko da onun sanksiya siyahısına salınmaması ilə bağlı mübahisə yaradan adlardandır.
Gülayə Mecid