"Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Şadam ki, Siz mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmisiniz. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzdə mən Sizi Azərbaycana səfərə dəvət etdim"Şadam ki, qısa vaxtdan sonra, - heç 6 ay keçməmiş, - Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatında deyib.
"Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik. Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik.
Beynəlxalq sahəyə gəlincə, deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik", - Prezident vurğulayıb.