Xırdalan şəhərindəki Heydər Əliyev Parkında “Oxu Günü-8” adlı sərgi-festival keçirilib.
"Unikal" xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə düzənlənən və Abşeron Rayon İcra Hakimiyyətinin, ayon Təhsil Şöbəsinin, “Hədəf Nəşrləri” və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, akademiklər, millət vəkilləri, tanınmış yazıçılar, elm xadimləri, təhsil kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə yazıçı, şair və publisistlərin, eləcə də nəşriyyatların çap etdirdikləri kitab, jurnal və qəzet stendlərinə baxış keçirib, müəlliflərlə birbaşa dialoq qurub, diqqət və maraqlarını çəkən kitablar haqqında maraqlanıblar.
Daha sonra açıq səma altında qurulan səhnədə rəsmi hissə başlayıb.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək “Oxu Günü”nün əhəmiyyətini, festivalın kitabın, mütaliyənin təbliğatında boyük rol oynadığını qeyd edərək Abşeron Rayon İcra Hakimiyyətinin bu kimi tədbirlərin tez-tez keçirilməsinə daim lazimi dəstəyin göstərəcəyini vurğulayıb.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli, millət vəkili Aqil Abbas, filalogiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq və digərləri ölkədə kitabın və mütaliyənin populyarlığının daha da artırılmasının vacidliyini bildirib və kitab oxuyabn cəmiyyətlərin daha tez inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd olunub ki, “Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.
Tədbirdə məktəblilər “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşayıb, yeni kitablar əldə edib, eləcə də öz kitablarını başqa oxucularla dəyişərək bilik mübadiləsi ediblər.