Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olundu.
Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğuladı, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.