Bu gün Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.