Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.
"Unikal" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.
ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov post-münaqişə mərhələsində iki ölkə arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi və Azərbaycanın öz növbəsində qeyd olunan bütün istiqamətlər üzrə irəliləməyə hazır olduğu vurğulanıb.
Görüşdə, həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.