Şuşada beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum başlayıb.
"Unikal" xəbər verir ki, forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir.
Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər.
Bundan başqa, forum iştirakçıları regionda dayanıqlı sülhün bərqərar edilməsini və regional kommunikasiyaların açılması imkanlarını nəzərdən keçirəcəklər.
*** 08:57
Şuşada beynəlxalq konfrans keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb.
“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - Hikmət Hacıyev tviter hesabında qeyd edib.