Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirəcəyi səfər matçının yeri müəyyənləşib.
"Unikal"ın məlumatına görə, qarşılaşma Serbiyada oynanılacaq.
Görüş iyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Belarus və Azərbaycanla yanaşı, Qazaxıstan və Slovakiya komandaları mübarizə aparacaq.