Aprelin 28-də Azərbaycan Dillər Universitetində Yapon Dili Departamentinin açılışı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmaları Mərkəzində aparılan quruculuq işlərinə görə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadaya təşəkkür edib. Bildirib ki, Yaponiya Araşdırmalar Mərkəzinin daim inkişaf etdirilməsi bu ölkəyə olan marağı, diqqəti daha da artıracaq. Mərkəzin yeni avadanlıqlarla təchiz edilməsi təkcə Yaponiyanı öyrənən tələbələr üçün deyil, universitetin digər təhsilalanları üçün də maraqlı olacaq.
Rektor Kamal Abdulla Cuniçi Vadanı “Səfir saatı” layihəsi çərçivəsində universitet tələbələri qarşısında çıxış etməyə dəvət edib.
Səfir Cuniçi Vada qeyd edib ki, bu il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Sevindirici haldır ki, layihənin icrasının yekunlaşması da məhz bu ilə təsadüf edir. Layihənin məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən biri olan Yaponiya Araşdırmalar Mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq, yapon dilinə marağı artırmaqdır.
“Hər bir tələbə özündə sərvət daşıyır. İnanıram ki, bu sərvətin yetişdirilməsində Yaponiya araşdırmalar mərkəzi də öz töhfəsini verəcək. Azərbaycan Dillər Universiteti ilə səfirliyimiz arasında əlaqələr daha da genişlənəcək”, - deyə səfir vurğulayıb.
Cuniçi Vada bildirib ki, “Səfir saatı” layihəsində məmnuniyyətlə iştirak edəcək: “Tələbələrə Yaponiyanın tarixi, mədəniyyəti, dili, yapon düşüncəsi haqqında danışmaq istərdim. Bu həm də mənim işimin bir hissəsidir”.
Universitetin Yaponiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar İbrahimov mərkəzin yaradılması və fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Yaponiya Araşdırmalar Mərkəzi ADU-nun nəzdində 2012-ci ildən fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq yapon dili və mədəniyyətinin tədrisi, təbliğidir. Eyni zamnada, Azərbaycanda yaponşünaslığı inkişaf etdirmək, iki ölkə arasında münasibətləri möhkəmləndirməkdir.
Sonra layihə çərçivəsində yeni avadanlıqlarla təchiz edilən Yaponiya Araşdırmalar Mərkəzinə və mərkəzin nəzdində fəaliyyət göstərən Yapon Dili Departamentinə baxış keçirilib.