"Müharibədən sonra çox qəribə və yenə də feyk faktlara, deyərdim ki, Azərbaycanofobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq biz mətnin və missiyanın tərkibi üzərində razılığa gəldik".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoənin sualını cavablandırarkən deyib.
"Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur.
Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır.
Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də"- Dövlət başçısı qeyd edib.