Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.
"Unikal" xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib ki, yarışın ikinci günündə milli komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 2,35 saniyə nəticə ilə gümüş medala sahib olub. Turnirdə 50 metr məsafəyə batterflay üsulla yarışda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27,91 saniyə nəticə ilə ilk üçlükdə yer alıb və sayca ikinci bürünc medalını qazanıb.
Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.
Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.