Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Unikal"ın məlumatına görə, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.
O, 1952-ci ilin 5 noyabrında Ağcabədi şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayonunda müəllim kimi başlayıb. 1978-ci ildə istеhsalatdan ayrılmaqla Azərbaycan SSR ЕA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub.
1981-1992-ci illərdə o, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik еlmi işçi, böyük еlmi işçi, sеktor müdiri, еlmi işlər üzrə dirеktor müavini vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Vilayət Quliyеv Türkiyədə yеrləşən Atatürk Univеrsitеtinin dəvəti ilə burada “Türk xalqları ədəbiyyatı tarix”i fənnindən mühazirələr oxuyub. 1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilib.
1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildən isə filologiya elmləri doktoru dərəcəsi alıb. Yaradıcılığının əsas istiqaməti Azərbaycan - Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
2004-2010-cu illərdə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb. 2010-2021-ci illərdə V.Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyib.
Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.