“Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda növbəti görüş Gəncədə keçirilib.
"Unikal" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı Nazirliklərinin nazir müavinlərinin, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmilərinin və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sahibkarlar və fermerlərlə keçirilən görüşdə insan ehtiyatsızlığı və digər səbəblərdən yaranan meşə yanğınları və onların qarşısının alınması istiqamətində görülməli olan tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Görüşdə çıxış edən ETSN-in nazir müavini Firdovsi Əliyev qeyd edib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın təhlükəsi daha da artır.
“Yanğın hadisələrinin qarşısını almaq üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırırıq”.
FHN-in nazir müavini Etibar Mirzəyev də fermerlər və sahibkarlara yanğınların baş verməməsi üçün görüləcək tədbirlər haqqında məlumat verib, biçin mövsümündə diqqətli olmaları, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini yandırmamaları üçün tövsiyələr verib.
Nazir müavini yanğın hallarının baş verməməsi üçün maarifləndirmə işlərinin ölkənin müxtəlif bölgələrində davam etdirildiyini də vurğulayıb.
Görüşdə tədbir iştirakçılarına yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri, biçindən sonra sahələrə od vurmamaları, təbiətdə olarkən odla ehtiyatlı davranmaları bildirilib.