2020-ci il noyabrın 8-də Vətən müharibəsi hələ bitməmişdi. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəndə bütün Azərbaycan xalqı hansısa qeyri-adi hadisənin baş verdiyini anlamışdı. Çünki Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində Qarabağa uzanan yağı əllərini bir-bir kəsmişdi, bizdən torpaq umanların arzusunu gözündə qoymuşdu, bütün təhlükələrə mətanətlə sinə gərmişdi. Prezident İlham Əliyev “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” deyəndə artıq çoxəsrlik Azərbaycan tarixinin ən parlaq zəfəri yaşanırdı, Şuşa öz əbədi azadlığına qovuşmuşdu.
Hələ müharibənin gedişində Prezident İlham Əliyev bəyan etmişdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. 30 illik işğal dövründə böyükdən kiçiyə bütün xalqın can atdığı o zirvənin yenidən böyük qəhrəmanlıq sayəsində əsil sahiblərinə qaytarılması bizim tarixi qələbəmizi də təmin etdi. “Ata vəsiyyəti” Azərbaycan xalqının qürur, fəxarət məramı olan o zirvədə tarixi mahiyyətinə qovuşdu. O zirvədə ki, orada sərhəd yoxdur, oradan bütün Azərbaycan görünür. Bununla da Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin qurduğu dövlətin sərhədlərini tamamladı, biz tarixi hədəflərimizə qovuşduq, çoxəsrlik Azərbaycan tarixində uzun fasilədən sonra bir ilk yaşandı: biz torpaq itirən millətdən torpaq qaytaran xalqa çevrildik.
Ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsini Azərbaycanın bir nömrəli problemi adlandırırdı. O, bunu xalqın, dövlətin, həm də özünün probleminə çevirmişdi. Çünki o, məsələnin mahiyyətini bilirdi. Heydər Əliyev Azərbaycan torpaqlarını işğal edən ermənilərin hətta sovet dönəmində də separatçılıq hərəkətlərinə şahidlik etmişdi və hər dəfə də bu cür hərəkətlərin qarşısını qətiyyətlə almışdı. Çünki onun yürütdüyü siyasət hər zaman milli maraqlara əsaslanırdı.
1969-cu ildə o, respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan idi. 13 il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrildi. Tədricən xalqla hakimiyyət arasında yaranmış boşluqları aradan qaldıran Heydər Əliyev problemlҽr məngənəsində çabalayan cəmiyyətin özünəinamını bərpa edərək milli ruhu məhv olmaq təhlükəsindən qorudu, dövlət idarəçiliyinə yeni nəfəs verdi, xalqın bütün potensialını milli problemlərin həllinə səfərbər etdi. Hətta imperiya asılılığında belə, millətə vicdanlı və ləyaqətli xidmətin mümkünlüyünü sübuta yetirdi. O, formaca milli, məzmunca sosialist mədəniyyəti formuluna tamamilə yeni məna verərərək standart stereotipləri qırdı, bununla da xalqın sevimlisinə çevrildi.
1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması ulu öndər Heydər Əliyevin bioqrafiyasında yeni tarixi mərhələ idi. O illərdə Heydər Əliyev SSRİ-nin uzunmüddətli energetika planına, müəssisə və təşkilatların idarə olunmasında əmək kollektivlərinin roluna, kənd təsərrüfatının inkişafı və ərzaq proqramına, Baykalyanı və Uzaq Şərq vilayətlərinin yanacaq-enerji bazasının yaxşılaşdırılmasına həsr olunan müşavirələrdə görünür və məsələlərə fəal müdaxiləsi ilə diqqət çəkirdi. O, Baykal-Amur magistralının inşasına, SSRİ-nin islam ölkələri ilə münasibətlərinə də himayəçilik edirdi. Heydər Əliyev o dövrdə səhiyyə, təhsil, mədəniyyət və digər sektorlarda böyük işlər görür, SSRİ-dəki nazirliklərin 20-sinə nəzarət edirdi. Bütün bunlara baxmayaraq, o, heç vaxt Azərbaycanı unutmur, onun qayğıları ilə yaşayırdı.
O dövrdə Heydər Əliyevlə çalışanlar etiraf edirdilər ki, 1970-80-ci illərdə SSRİ-nin siyasi mühitini məhz Heydər Əliyev formalaşdırmışdı. Amma bununla belə, bu fəallıq SSRİ siyasi dairələrində Heydər Əliyevə qarşı qısqanclardan ibarət cəbhənin yaranmasına gətirib çıxartdı. Məsələn, SSRİ Nazirlər Sovetinin sədri Tixinov hesab edirdi ki, Heydər Əliyevin daha da irəliyə çəkilməsi ona görə mümkün deyil ki, birincisi buna onun dini əqidəsi, digər tərəfdən də milliyəti mane olur. Paxıllar 1985-ci ildə Mixail Qarbaçovun SSRİ rəhbərliyinə gəlməsi ilə daha da fəallaşdı. Bunu Qarbaçovun portfel bölgüsündə Heydər Əliyevə yer verilməməsi də təsdiqləyirdi. O dövrdə Qarbaçovun qondarma yenidənqurma siyasəti artıq cəmiyyətdə problemlər yaratmağa başlamışdı. Çünki konkret fəaliyyət proqramının olmaması, rabitəsiz, düşünülməmiş tədbirlərin həyata keçirilməsi, yalançı sülh təşəbbüsləri və digər vədlər ictimai-siyasi vəziyyəti tədricən gərginləşdirirdi. Heydər Əliyev isə haqlı olaraq Qarbaçovun Qazaxıstanla bağlı siyasətini tənqid edir, 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyada baş verən dəhşətli qəza ilə bağlı informasiyanın dünya ictimaiyyətindən gizlədilməsini düzgün addım hesab etmirdi. Bu cəsarətli çıxışlar isə başda Qarbaçov olmaqla çoxlarının xoşuna gəlmirdi. 1987-ci ilin sonlarına doğru Heydər Əliyevə SSRİ rəhbərliyindən gələn təzyiqlər daha da güclənir, elə həmin ilin oktyabrın 19-da Heydər Əliyev istefa ərizəsini təqdim edərək təqaüdə çıxır.
Qarabağ məsələsi də elə o zaman alovlandı. Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. 1990-cı ildə baş verən 20 Yanvar qırğını, ardınca Qarabağda ermənilərin separatçılıq hərəkətlərinin güclənməsi, müstəqillik fonunda ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr Azərbaycanı böyük uçuruma yuvarlatdı. O dövrdə Naxçıvanda olan Heydər Əliyev isə təkbaşına muxtar respublikanı erməni məkrindən qorudu, onun işğalına yol vermədi, müstəqilliyin təməllərini Naxçıvanda atdı, üçrəngli bayrağımızı ilk dəfə Muxtar Respublikanın Ali Soveti üzərində dalğalandırdı.
Amma ölkədə siyasi böhran kuliminasiya həddinə çatmışdı. AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu, ölkəni idarəolunmaz vəziyyətə saldı. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran o vaxtkı Azərbaycanın ictimai-siyasi mühitini təşkil edirdi. Bəli, müstəqillik tariximiz fəlakətlər, məğlubiyyətlərlə başlamışdı. Biz soyqırımı dəhşəti ilə üzləşdik, torpaqlarımızın 20 faizini itirdik, 1 milyon çox insan öz yurdundan didərgin düşdü. Bütün bunlar sanki bizə yenidən yaranmaq, həm də müharibənin külləri içində yenidən doğulmaq şansı verdi. Biz o ağır günlərdə ulu öndər Heydər Əliyevin sayəsində milli kimliyimizi, apardığımız davanın hədəflərini tanıdıq.
1993-cü ildə öz xalqını qırğınlardan, yox olmaqdan qorumaq, olmayan dövləti qurmaq, Azərbaycana sahib çıxmaq üçün gəldiyi ölkənin 30 ildən sonra bütün dünyaya göstərdiyi bu örnəyin arxasında nə qədər çətin günlər, çətin vəziyyətlər, iztirablar vardı. Heydər Əliyev bütün problemləri bir-bir yoluna qoydu və bu işdə ancaq və ancaq xalqa arxalandı. Ona görə də ulu öndər haqlı olaraq deyirdi ki, “xalqla Azərbaycan prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir”.
Müstəqillik tariximiz dönə-dönə sübut etdi ki, Heydər Əliyev olmasaydı Azərbaycan da olmayacaqdı. Biz vətəndaş müharibəsində, qardaş qırğınında məhv olub gedəcəkdik. Bəlkə də dövlət kimi, bəlkə də bir xalq kimi. Heydər Əliyev Azərbaycan xalqının xarakteri idi: qanlı müharibədən ağır itkilərlə çıxan xalqın önündə o, heç vaxt təmkinini, nə də qətiyyətini pozmadı. Xalq ona, o da xalqına inandı, milləti mənən ölməyə qoymadı. O çətin günlərdə insanların ən böyük təsəllisi Heydər Əliyev oldu.
1994-cü ilin mayında təcavüzkar Ermənistanla atəşkəs sazişi imzalananda da, ölkədəki qanunsuz hərbi birləşmələri ləğv edib Azərbaycanı sabitlik məkanına çevirəndə də Heydər Əliyevin bir məqsədi vardı. Torpaqlarını düşmənlə qeyri-bərabər döyüşdə itirən ölkəni yenidən ayağa qaldırmaq, insanlarda Vətən eşqini ölməyə qoymamaq. Çünki o, gec-tez Qarabağın işğaldan azad ediləcəyinə ürəkdən inanırdı. Heydər Əliyev qısa vaxtda siyasi-diplomatik manevrləri ilə beynəlxalq aləmdə Azərbaycanın təcavüzə məruz qalan ölkə, Ermənistanın isə işğalçı olduğunu sübuta yetirdi. Erməni millətçilərinin Azərbaycanın ərtafında yaratdığı informasiya blokadasını yardı. Müstəqil dövlətin dünya birliyində layiqli yerini təmin etdi. Heydər Əliyev deyirdi ki, Azərbaycan heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməyib, heç kəsin torpağına göz dikməyib. Azərbaycanın prinsipial mövqeyi dövlət sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Heydər Əliyev xaricdəki bütün görüşlərə xəritə ilə gedirdi. O, düşməni də, onun havadarlarını da dəlil-sübutla ifşa edirdi.
Ulu öndər Heydər Əliyevin müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin miqyası heyrət doğurur. Onu öz yolundan heç nə, hətta həyatına yönələn sui-qəsd cəhdləri belə döndərə bilmədi. O, deyirdi ki, “Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Beləliklə, Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxartdı, ən çətin vəziyyətlərdə belə təmkinini itirmədi. O, geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirdi, mənsub olduğu xalqın maraqlarını hər şeydən üstün tutdu. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" dünya əhəmiyyətli hadisə olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və ölkəmizin müttəfiqlərinin sayını artırdı. Ulu öndərin yeni neft strategiyası dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft kəmərləri sistemini formalaşdırdı. 1995-ci il noyabrın 12-də xalq müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk konstitusiyasına səs verdi. Bunun ardınca 1995-ci ildə Azərbaycanda keçirilən ilk parlament seçkiləri ölkəmizin demokratiya yolunda inamla irəlilədiyini təsdiqlədi, Azərbaycan çoxpartiyalı sistemə keçdi. Ölkədə Ombudsman institutu yaradıldı, insan hüquqlarının daha etibarlı qorunması sahəsində mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda ölüm hökmü, elə həmin il mətbuat üzərində senzura ləğv olundu. Bununla da qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərk olunması strategiyasını formalaşdırdı. Məhz onun yaratdığı ideologiya sayəsində Qarabağın işğaldan azad olunması Azərbaycanın siyasi və diplomatik xəttinin əsasını təşkil etdi. Heydər Əliyev işğalın presedentə çevrilməsinə imkan vermədi. Bunu dünyanın demokratik dəyərlərinə, insan hüquqlarına edilən təcavüz aktı kimi tanıtdı. O fövqəladə istedadı ilə imkansız olanı mümkün etdi və bizlərə güclü Azərbaycanı yadigar qoydu. Heydər Əliyev sahib olduğu misilsiz liderliyi sayəsində Qarabağın yadlar tərəfindən mənimsənilməsinə imkan vermədi, o, Qarabağa xalqın qəlbində əbədi abidə ucaltdı. O, Azərbaycan xalqının gələcəyinə yön verdi. İndi sahib olduğumuz çağdaş dəyərlərin təməlini o, atdı. Öz taleyini millətin alın yazısı ilə birləşdirib onun yaralarını sağaltdı.
30 ildən sonra qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyev illərlə bərkimiş möhkəm düyünü özü açdı. Bizim Vətən müharibəmiz XXI əsrin ən böyük mənəvi birlik, dayanışma, yardımlaşma göstərisinə çevrildi. Biz bu müharibədə təkcə silahlarımızla, hərbi qüdrətimizlə qalib gəlmədik. Biz həm də mənəvi bütövlüyümüzlə, mənəvi yüksəlişimizlə tarix yazdıq. Xalq bir yumruğa döndü, öz ordusunun haqlı davası ətrafında sıx birləşdi, insanlar Prezidentin ideyalarına inanılmaz sadiqlik nümayiş etdirdilər. Deməli, həm də ulu öndər Heydər Əliyevin ideyaları qalib gəldi.
Artıq bizim tariximizi Vətən müharibəsindəki qələbənin tacı olan Şuşa zəfəri bəzəyir. Şuşanın azad olunması Azərbaycan tarixinin ən önəmli istinad nöqtəsidir. Çünki Şuşa Azərbaycan xalqının ruhu deməkdir. Daha geniş mənada Şuşa elə Azərbaycan deməkdir. Şuşanı öz azadlığına qovuşdurmaq həm də ata vəsiyyəti idi. Prezident İlham Əliyev bu, olduqca məsuliyyətli vəzifəni də şərəflə yerinə yetirdi və biz qalamıza qalxdıq.
Beləliklə, 30 illik Qarabağ ayrılığının, Şuşa həsrətinin tükənən ümidi bu möhtəşəm zəfəri düşünən, onu gerçəyə çevirən, ona əbədi ömür verən liderin sayəsində ölmədi, əksinə, “Dəmir yumruğ”un qələbəsi ölümsüzlük qazandı. İndi hamımızın illərlə əsir olan ruhu azaddır. Bu azadlığın uğuru bizim birliyimizdə, xalqımızın hünərində, tarixdən gələn qəhrəmanlığında, ulu öndər Heydər Əliyevin ideallarındadır. Düşmənə göz dağı verən bu qüdrətin memarı isə Prezident İlham Əliyevdir.
Arif Alışanov