İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Qarabağ Dirçəliş Fonduna 300 000 AZN (üç yüz min) məbləğində ianə edilib.
"Unikal" xəbər verir ki, Qarabağ Dirçəliş Fondu bu addım üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyinə və kollektivinə təşəkkür edib və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edib.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı. Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.