Litva Respublikasının Birinci xanımı Diana Nauseda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
"Unikal" xəbər verir ki, Litvanın Birinci xanımı və onun rəhbərlik etdiyi nümayəndə heyətini UNEC-də mədəniyyət naziri Anar Kərimov və universitetin rektoru professor Ədalət Muradov qarşılayıb.
Səfər çərçivəsində Birinci xanım Diana Nauseda UNEC şəhidlərinin Memorial Kompleksini ziyarət edib, Ekstern Mərkəzi və Bloomberg laboratoriyası ilə tanış olub. Birinci xanıma Ekstern mərkəzi və laboratoriyanın fəaliyyəti, eləcə də UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri, Litva ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları barədə ətraflı məlumat verilib.
Sonra 1909-1920-ci illərdə ölkəmizdə ilk konsul olmuş litvalı yazıçı Vintsas Krevenin adına UNEC-də yaradılan auditoriyanın və barelyefin açılışı olub.
Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov Litvanın Birinci xanımı Diana Nausedanın UNEC-də olmasından qürur duyduğunu ifadə edərək, Vintsas Krevenin Azərbaycandakı diplomatik, eləcə də müəllimlik fəaliyyətindən danışıb, həmin dövrdə litvalı yazıçının UNEC-in yerləşdiyi binada dərs dediyini diqqətə çatdırıb. Rektor Litvanın tanınmış yazıçısı və diplomatının adına UNEC-də auditoriyanın yaradılmasının hər iki ölkə arasında mədəniyyət, elm, təhsil və digər sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinə töhfə verəcəyindən əminliyini bildirib.
Litvanın Birinci xanımı Diana Nauseda Litvanın ədəbi tarixində önəmli yer alan Vintsas Krevenin adına auditoriyanın açılışında iştirak etməkdən məmnunluğunu bildirib. O, Krevenin adına auditoriyanın yaradılmasını hər iki ölkənin tarixi və mədəniyyətinin daha yaxından tanınması, eləcə də ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirib. O, 2014-cü ildə Litva Təhsil Universitetində (indiki Vitautas Maqnus Universiteti) məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adına auditoriyanın yaradıldığını, 2018-ci ildən isə Vilnüs Universitetində Azərbaycan dili adına auditoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Xanım Diana Nauseda V.Krevenin ictimai fəaliyyəti və ədəbi yaradıcılığının həm litvalılar, həm də azərbaycanlılar üçün böyük dəyər qazandırdığını vurğulayaraq, onun adını daşıyan auditoriyanın həm müəllim, həm də tələbələr üçün böyük ilham mənbəyi olacağından əminliyini ifadə edib. Birinci xanım layihəni həyata keçirən UNEC-ə, Litvanın Azərbaycandakı səfirliyinə və xatirə lövhəsinin müəllifi olan Antanas Zukauskasa təşəkkürlərini bildirib.
Açılış mərasimində çıxış edən Mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Litva arasındakı mədəni əlaqələrdən söz açıb. Litva ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün önəmini vurğulayıb.
Sonra barelyefin önündəki lent kəsilib və açılış olub. Litvanın Birinci xanımı Diana Nauseda və nümayəndə heyəti auditoriya ilə tanış olublar. Rektor Ədalət Muradov UNEC-də tədrisin rəqəmsallaşdırıldığını, bütün auditoriyaların elektron tribunalarla təmin olunduğunu, universitetdə tədrisin elektron, ənənəvi, eləcə də hibrid formada aparılması üçün bütün imkanların yaradıldığını deyib.
Xanım Diana Nauseda UNEC-dəki tədris imkanlarını yüksək qiymətləndirərək, UNEC ilə Litva universitetləri arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində xanım Diana Nauseda tələbələrlə də görüşüb.