Uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib.

"Unikal" xəbər verir ki, Ş.Quliyev Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun göndərdiyini deyib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qranat verildiyini iddia edib.

“O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, “dövlətə lazımsan” deyib, göndərdilər. Əslində, məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular. Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir”.

“Mən o adamla əlaqədar heç bir şey demirəm”. Bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib. O, daha sonra fikirlərini belə davam etdirib: “Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü”.

Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib: “Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.