Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından"Unikal"-a verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.
Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.
Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.