Xalq artisti Əli Nur "Bizimləsən" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, aktyor verilişdə şəhid oğlu Rövşən Nurzadədən danışıb. O, Şuşa döyüşlərində şəhid olan oğlunun hər zaman Qarabağ müharibəsinə qatılmağı arzuladığını deyib:
"Çox yüksək sahələrdə çalışdı. Onun hər zaman fikri orduda idi. Mübariz İbrahimov şəhid olanda bütün gün zabitlərlə danışırdı. Çox sarsılmışdı. Polad Həşimov dünyasını dəyişəndə hönkür-hönkür ağlayırdı. Deyirdi, biz bir kursda oxumuşuq, hamımız şəhid olmalıyıq. Getdi döyüşə, vuruşdu. Qubadlıda ayağı zədələnib, əsa ilə gəzib. Daşaltıda yenə yaralanıb, qan içində olub, amma geri qayıtmayıb. Şuşa girişində güllə dəyib, can verəndə videosunu çəkiblər. Oğlumun can verən yerdə çəkilən videosunu görmüşəm, telefonumdadır. Ağrıkəsici iynə vurdurub və döyüşə davam edib. Həmin iynəni anası bu yaxınlarda evdə görüb, ağlayıb. Güllə ona dəyəndə, deyib, bu qədər yol gəlmişik, geri dönməyə haqqımız yoxdur".
Qeyd edək ki, Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.