Ötən gün Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xızı-Giləzi yolununun 24-cü kilometrliyində baş vermiş qəzanı polis əməkdaşı törədib.
Belə ki, dünən saat 09 radələrində DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Kamil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ 2121-Niva” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Bildirilir ki, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
Faktla bağlı açılmış cinayət işinin materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.