Macarıstan əsilli ABŞ iş adamı və keçmiş maliyyəçi Corc Soros Davosda keçirilən Dünya İqtisadi Forumunda mühüm açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Soros Rusiyanın Ukraynaya təcavüzünü sivilizasiyanın sonunu gətirə biləcək “üçüncü dünya müharibəsinin başlanğıcı” kimi şərh edib.
Rusiya prezidenti Vladimir Putin və çinli həmkarı Si Cinpinə xəbərdarlıq edən Soros, dünyada avtokratik rejimlərin yüksəldiyini, qlobal iqtisadiyyat isə depressiyaya düşdüyünü ifadə edib.
Soros Almaniyanın keçmiş kansleri Angela Merkeli Moskva və Pekinə yaxın olduğuna görə tənqid edib.
Ukrayna müharibəsindən danışan Soros, “Bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən sağ çıxmaya bilər. Dünya getdikcə daha çox diametral şəkildə bir-birinə zidd olan iki idarəetmə sistemi: açıq cəmiyyət və qapalı cəmiyyət arasında mübarizəyə girir”, - deyə bildirib.
Putinin atəşkəs görüşünə hazırlaşdığını ifadə edən Soros, “Ancaq atəşkəsə etibar etmək mümkün olmadığı üçün əldə edilə bilməz. Putin zəiflədikcə daha gözlənilməz olur", - deyib.
Avropa Birliyinin Putinin təbii qazı kəsə biləcəyi ehtimalını anlaması lazım olduğunu ifadə edən Soros bunda Almaniyanın keçmiş kansleri Merkeli günahlandırıb:
“Avropanın Rusiyanın mədən yanacaqlarından asılılığı həddindən artıqdır, bunun əsas səbəbi keçmiş kansler Angela Merkelin yürütdüyü merkantilist siyasətdir. Merkel Rusiya ilə qaz tədarükü üçün xüsusi müqavilələr bağlamışdı ki, bu da Çini Almaniyanın ən böyük ixrac bazarına çevirdi. Bu, Almaniyanı Avropanın ən yaxşı iqtisadiyyatına çevirdi, lakin indi ödəməli olduğu ağır qiymət var. Alman iqtisadiyyatı yönləndirilməlidir. Və bu çox vaxt aparacaq”, - deyib.
Gülayə Mecid