Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş əməkdaşı Tural Azadəliyev xidmət rəisi Elçin Quliyevdən şikayətçidir. Onurğasında problem olduğuna görə bülletendə olarkən işdən çıxarılan Tural Azadəliyevin tələbi hərbi biletinə xidmətə uyğunsuzluq maddəsinin vurulmamasıdır.
O, "Unikal"a müraciətində 2020-ci ilin sentyabr ayında DSX-yə xidmətə qəbul olunduğunu bildirib:
"Xidmətə qəbul olanda İstintaq İdarəsinin rəisi Elçin Abuzərli mənə dedi ki, sən bir aya gizir olacaqsan, kursdan sonra isə hərbi hissələrin birinə təhqiqatçı olaraq təyin olunacaqsan. 2-3 ay ərzində mənə ilkin zabit rütbəsi verilməli idi. Kurs müharibəyə görə 1 ay yox, 7 ay davam etdi. Kursa cəlb olunan 3 hüquqşünas var idi. Onlardan birinə zabit rütbəsi verildi. Biz iki nəfərə isə verilmədi. Səbəb olaraq göstərildi ki, Elçin Quliyevin əmri var ki, 1 il sınaq müddətidir, sonra zabit rütbəsi verilir. Mən də Prezident Administrasiyasına şikayət etdim. Qanunvericiliyə əsasən, hüquqşünasların rütbəsinin önünə ədliyyə sözü əlavə edilməlidir. Dedilər ki, xidmət rəisi onu etmir. Dedim ki, niyə bərabərlik hüququnu pozursunuz? Bir nəfərə vəzifə verirsiniz, digərlərinə yox? Dedilər ki, xidmət rəisi Elçin Quliyev belə məsləhət görüb. Dedim ki, əgər rütbə vermirsinizsə, mənlə DSX arasındakı müqaviləni ləğv edin.
Qanunvericiliyə əsasən, müqavilə ləğv edildikdə hərbçini ehtiyata buraxmaq mümkündür. Bununla razılaşmadılar və 2021-ci ilin aprel ayının 8-də hərbi xidmətə uyğunsuzluq maddəsi ilə əmrimi verdilər. Məsələ burasındadır ki, əmrdən çıxarışımı da vermədilər. Hərbi biletimi də vermədilər. Yalnız 2021-ci ilin iyul ayında mənim hərbi biletimi geri verdilər. Mən də dərhal məhkəməyə müraciət etdim. Məhkəmə də ilkin hazırlığı sentyabr ayına təyin etdi. Həmin o prosesdə məhkəmə iddianın mümkünlüyü barədə qərar qəbul etməli idi, lakin məsələ 9 ay uzadıldı. Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov may ayında əleyhimə qərar qəbul etdi. Yəni, hazırlıq iclasında qəbul edilməli olan qərar 9 ay sonra qəbul olundu. Məhkəmə bildirir ki, mən 1 ay ərzində müraciət etməli idim. Müddət 1 ayı keçdiyinə görə iddia əsassız hesab olunub. Halbuki DSX əmrdən çıxarışı gecikdirdiyinə görə mən məhkəməyə müraciət edə bilməmişdim. Bu şəxslər mənə xidmətə uyğunsuzluq damğası vurmaqla karyeramı məhv edirlər.
DSX tərəfindən məsələyə heç bir reaksiya verilməyib. Mən birbaşa Elçin Quliyevin özü ilə danışmaq istəyirəm, çünki onun heç bir müavini məsələyə münasibət bildirmir”, - deyə T.Azadəliyev əlavə edib.
Murad İbrahimli