Şəmkirdə baş verən qəzada həlak olan gənclərdən biri 24, digəri 25 yaşında imiş. 

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Aşağı Seyfəli kəndində “Lada Priora” markalı minik avtomobili ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

09:04

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.