Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası  Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Bunu "Unikal"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür. 

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

***

12:26

Bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.

"Unikal" xəbər verir ki, bu barədə ifaçı “Facebook” hesabında paylaşım edib.

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecə ilə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o bildirib.