Bu gün Azərbaycanın üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, idmançılarımız turnirə 1/16 finaldan start verib.
73 kq çəki dərəcəsindəki Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.
81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.
Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.
İlk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.