Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də ölkəmizin Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub.
"Unikal" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan Respublikasının millət vəkili, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, bu universitetin prorektorları, müəllim və tələbə heyəti, eləcə də Səfirlik əməkdaşları iştirak ediblər.
Pakistanın Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal tədbirdə çıxış edərək Pakistanda səfərdə olan Azərbaycan nümayəndə heyətini salamlayıb və onları NUML-da görməkdən məmnun olduqlarını bildirib. Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını ifadə edən prorektor Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.
Azərbaycan Dillər Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov tədbirdə çıxış edərək dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərindən danışıb və bu əlaqələrin strateji səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib. Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını qeyd edən Novruz Məmmədov bu illər ərzində, həmçinin, 44 günlük vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayıb və bu ölkənin Hökumətinə və xalqına təşəkkürünü çatdırıb. Novruz Məmmədov Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyət Mərkəzinin açılmasının tarixi bir hadisə olduğunu bildirib və bu Mərkəzin iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinə öz müsbət töhfəsini verəcəyini diqqətə çatdırıb. Ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunan professor urdu və azərbaycan dillərində mövcud olan eyni sözlərin tədqiqatlarının aparılması üçün birgə komissiyanın yaradılmasınının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Dillər Universitetinin sosial məsələlər üzə prorektoru Tamam Cəfərova Azərbaycan-Pakistan münasibətlərindən söz açaraq hər iki ölkənin bir-birini daima bütün platformalarda dəstəklədiyini bildirib. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə nəticələnmiş vətən müharibəsindən bəhs edən millət vəkili, qardaş Pakistan Hökumətinin və Milli Assambleyasının ölkəmizə istər keçmiş Dağlıq Qarabağ münaqişəsi, istərsə də vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb və bu dəstəyə görə öz təşəkkürünü izhar edib. Tamam Cəfərova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin Pakistanın Müasir Dillər Universitetində fəaliyyətə başlamasının önəmindən bəhs edən prorektor, bu Mərkəzin iki qardaş ölkə arasında körpü rolunu oynayaraq yüksələn xətlə inkişaf edən əlaqələrimizə öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öz çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söhbət açaraq əlaqələrin daha da gücləndirilməsi üçün görülmüş işlərdən danışıb. Diplomat artıq Pakistanın 3 böyük şəhərindən – Karaçi, Lahor və İslamabaddan paytaxt Bakıya birbaşa uçuşlara start verildiyini bildirib, eləcə də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupları barədə məlumatları diqqətə çatdırıb.
Səfir Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməni xüsusi vurğulayaraq bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması münasibətilə hər iki universitet rəhbərliyini təbrik edən səfir sözügedən Mərkəzin ölkələrimiz arasında elmi, mədəni, humanitar sahələr üzrə münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.
Tədbirdən sonra Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və Mərkəzdə yaradılmış şəraitlə tanış olunub.