Bakı Mühəndislik Universitetinin (BMU) nizamnamə fondu bir milyon manat müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”ndə öz əksini tapıb.
Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.
Universitet ona verilmiş əmlakdan yalnız nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Onun əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır. Ali təhsil müəssisəsi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir. Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Təhsil Nazirliyi, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.
Universitet “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Universitet Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Universitet Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün universitet Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Universitet nizamnamədə qeyd olunan mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyinə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir. Universitet fəaliyyətindən əldə etdiyi vəsaiti Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir. Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Universitetin ödənişli təhsil xidmətlərinin və nizamnamədə nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.