21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, A qrupunda yer alan millimiz ötən il Sumqayıtda heç-heçə etdiyi (1:1) Finlandiyanın qonağı olub.
İyunun 3-də səfərdə Estoniyanı 5 cavabsız qolla üstələyən Milan Obradoviçin yetirmələri eyni uğuru Helsinkidəki qarşılaşmada təkrarlaya bilməyib. Komandamız qrup birinciliyinə iddia edən Finlandiya önündə aciz qalıb. 48-ci dəqiqədə - hesab 0:0 olarkən Musa Qurbanlı penaltidən yararlana bilməyib. Bundan sonra 3 qol buraxan yığmamız rəqibinə böyük hesabla məğlub olub.
Bu nəticədən sonra 7 xalda qalan Azərbaycan yığması qrupda son oyununu iyunun 14-də Drammendə Norveçə qarşı keçirəcək.