Birləşmiş Millətlər Təşkilatının Rusiyanın cinayətlərini araşdıran Müstəqil Beynəlxalq Komissiyası Ukraynaya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, Ali Radanın sədr müavini Yelena Kondratyuk Erik Mesenin sədrlik etdiyi, həmçinin Jasminka Dzumhur və Pablo de Qreyfin də daxil olduğu komissiyanın üzvləri ilə işgüzar görüş keçirib.
Bildirilib ki, görüş zamanı Ukraynada insan hüquqlarının, beynəlxalq humanitar hüququn və Rusiyanın təcavüzü ilə bağlı digər cinayətlərin pozulması hallarının aradan qaldırılması üçün yaradılmış Komissiyanın fəaliyyət istiqamətləri müzakirə olunub. Əsas vəzifə şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və materialların hazırlanmasıdır ki, heç kim cəzadan yayınmasın.
"Hüquq-mühafizə orqanlarımız 2022-ci il fevralın 24-dən indiyədək törədilmiş 16 mindən çox hərbi cinayət və təcavüz cinayətini, o cümlədən 5 mindən çox qətli və 6 min dinc sakinin yaralanması ilə bağlı araşdırma aparır. Təəssüf ki, bu rəqəmlər hər gün artır", - Kondratyuk vurğulayıb.
O, əlavə edib ki, eyni zamanda soyqırımı cinayəti ilə bağlı ayrıca araşdırma aparılır.
Ağarza Elçinoğlu