İyunun 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.
"Unikal" xəbər verir ki, rektor səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib, diplomatik missiyası başa çatmaqda olan səfirlə ötən dövrdə keçirilən görüşlərin səmərəsi haqqında danışıb. Qeyd olunub ki, ADU-da fəaliyyət göstərən Macar Mərkəzi bir sıra önəmli tədbirlərin təşkil olunmasında yaxından iştirak edir. Bildirilib ki, mərkəz macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə müsbət təsir imkanlarına malikdir. Mərkəzinin əsas prinsiplərindən olan Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verməsi xüsusilə diqqəti çəkir.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi ilə görülən işlər təqdirəlayiqdir. Qarşılıqlı əməkdaşlığın faydalarından danışan səfir gələcəkdə də yeni əməkdaşlıq istiqamətlərinin olacağına əminliyini vurğulayıb.
Görüşdə aparılan elmi işlərin və səfirlik vasitəsi ilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub.
Daha sonra Vişeqrad qrupuna həsr olunmuş sərgiyə baxış keçirilib.