Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
"Unikal" Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin icrası kontekstində ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Həmçinin bir sıra regional və beynəlxalq mövzular, o cümlədən Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair fikir mübadiləsi aparıblar.
"Telefon danışığı zamanı bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə “saat yoxlanışı” aparılıb. 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolu ilə müvafiq işin vacibliyi vurğulanıb.
Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.