ABŞ-ın Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Bu barədə "Unikal"-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov mübarizə aparıblar.
173 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 94 səs toplayaraq Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
18 üzvdən ibarət olan Komitəyə Azərbaycan nümayəndəsi ilk dəfədir seçilir.
Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.