ANAMA Cəbrayılda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti bildirir ki, 2022-ci il 19 iyun tarixində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirmişdir.

Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılmış, zəruri müayinələrdən keçərək evə buraxılmışdır.

ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyyə olunur.

xxx

11:33

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan "Unikal"-a verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.