2022-ci ilin ötən 5 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 89 milyon AZN kimi qiymətləndirilir.
"Unikal" xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-may aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33893 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Müvafiq dövr ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 798 vətəndaş müraciəti daxil olub ki, onların 90-nı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 334-ü narkotik asılılıqdan müalicə, 374-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 427 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.