İyunun 18-i axşam saatlarında Rusiyanın Mi-8 sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Hadisə təxminən iki dəqiqə davam edib.
"Unikal" xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, helikopter təqdim edilmiş uçuş planı olmadan və transponderi (rabitə cihazı) söndürülmüş halda uçub. Rusiyalı pilotların Estoniyanın aviadispetçer xidməti ilə ikitərəfli əlaqəsi olmayıb.
Buna cavab olaraq bu gün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq ona nota təqdim edib. Bu, cari ildə Estoniyanın hava məkanının ikinci dəfə pozulmasıdır.