"Bu gün Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü".
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılış mərasimində çıxış edərkən söyləyib.
"Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, - o zaman “Dağlıq Qarabağ” adlandırılırdı, - bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib. İndi buraya gələn hər bir insan Murov dağını aşaraq görür ki, nə qədər çətin yoldur, daim dumanlı yoldur və bu gün səhər mən oradan keçmişəm - yağış, duman. İnsanlar aprelin əvvəllərində o qarlı, şaxtalı havada oradan ayaqyalın keçməyə məcbur idilər. Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi.
Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.
Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.
Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!", - deyə o bildirib.