"Bu gün, eyni zamanda, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı".
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində deyib.
"Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.
Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir.
Bununla bərabər, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək.
Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!", - deyə o bildirib.