Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
Proqram çərçivəsində tədris Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.
“Technion” Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni açılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə bağlı bildirib: “Bu gün “Technion” Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri olan kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq. Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!”
“Technion” Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu və gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib. “Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər”.