İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi və digər tədbirlər barədə məlumat verib. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunub. O da bilidirlib ki, Azərbaycanın şirin su ehtiyatlarının 70 faizindən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Bütün bunlara baxmayaraq, Azərbaycan, eyni zamanda, transsərhəd su mənbələrinin qeyri-düzgün idarə olunması və çirkləndirilməsi problemi ilə üzləşir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, dünyada təxminən 2 milyarddan çox insanın təhlükəsiz su ehtiyatlarına çıxışı yoxdur. O, Azərbaycanda iqlim dəyişikliyi və su ehtiyatlarının əksəriyyətinin mənbəyini qonşu ölkələrdən götürməsi səbəbindən su resurslarının çatışmazlığı probleminin mürəkkəbləşdiyini və onun həllində regional əməkdaşlığın vacib rol oynayacağını qeyd edib.
Konfransda çıxış edən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov su ehtiyatlarından səmərəli istifadənin müasir dövrün ən aktual məsələlərindən biri olduğunu xatırladaraq işğaldan azad olunmuş ərazilərin içməli su təchizatı ilə bağlı məlumat verib. Qeyd olunub ki, işğal dövründə bu ərazilərdə içməli su təchizatı və kanalizasiya sistemləri dağıdılmış, işlək vəziyyətdə olan hidrotexniki qurğular və paylayıcı şəbəkələr yararsız hala salınmışdır. “Torpaqlarımız işğaldan azad olunduqdan sonra “Azərsu” ASC tərəfindən ilkin olaraq yaşayış məntəqələrini su ilə təmin edən su mənbələrinin və magistral kəmərlərin dağıdılmış hissələri bərpa edilərək yaşayış olan ərazilər su ilə təmin edilib. İşğaldan azad olunmuş yaşayış məntəqələrində xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Şuşa, Zəngilan, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsi ərazisində fasiləsiz fəaliyyət göstərən xidmət sahələri təşkil edilib. İşğaldan azad olunmuş şəhər və rayon mərkəzlərində “Ağıllı su” layihələri icra olunacaq”.
Konfransın sonunda iyunun 30-da Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul edilib. Konfrans çərçivəsində iştirakçılar “Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olub, Həkəri çayına qızılxallı forel balıqlarının buraxılması mərasimində iştirak ediblər.