İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən tədbirlərin əsas məqsədi daha modern və daha güclü ordu formalaşdırmaqdan ibarətdir. Ölkə başçısının iyunun 26-da Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər də bir daha təsdiq edir ki, Azərbaycanda ordu quruculuğu davamlı olaraq həyata keçirilir və keçiriləcəkdir. Son 6 ay ərzində artıq ikinci komando hərbi hissəsi yaradılır ki, bu hərbi birləşmələrin hər ikisi məhz işğaldan azad edilmiş əraziləri əhatə edir. Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atıb və torpaqlarımızı işğaldan azad edib. Artıq Azərbaycan Ordusu sərhədlərimizdə yerləşib. Müasir dünyada güc amili əsasdır və bu baxımdan Azərbaycan Ordusunun da gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir. Torpaqlarımızın işğaldan azad edilməsində ordumuzun gücü öz sözünü dedi və ölkəmiz qələbəyə nail oldu. Qələbənin qazanılmasını şərtləndirən mühüm amillərdən biri isə iqtisadi müstəqilliyimizdir. Azərbaycan müstəqil ölkə olaraq müstəqil iqtisadi siyasət yürüdərək maliyyə imkanlarını artırmış və güclü orduya sahib olmuşdur.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi ilə sübut etdi ki, işğalla barışmaq niyyətində olmayıb. Müharibə həmçinin ölkəmizdə yetişən gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən gənclərimiz məhz cənab İlham Əliyevin ölkəmizə Prezidentliyi dövründə yetişmiş gənclər idi. Rəşadətli Ordumuzun gücü qarşısında diz çökən düşmən kapitulyasiya aktına imza atdı və cənab Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində 3 rayonumuz hərbi əməliyyatlar keçirilmədən işğaldan azad edildi. Həmin 3 rayondan biri məhz Kəlbcər rayonudur ki, bu gün bu rayonda modern hərbi hissələr yaradılır, ordumuzun müdafiə imkanları genişləndirilir.
Komando hərbi hissəsinin açılış mərasimində çıxış edərkən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana ciddi xəbərdarlıqlar da etdi. Ölkə başçısı bildirdi ki, Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun verdiyi dərsi unutmamalı və yeni reallıqları qəbul etməlidir. Bir halda ki, bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan daha 1993-cü illərdəki Azərbaycan deyil. Məhz Kəlbəcər rayonu 1993-cü ildə ölkədə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğala məruz qalmışdı. Bu gün isə Kəlbəcər də daxil bütün ərazilərimiz öz azadlğına qovuşub və bu ərazilərdə sürətli yenidənqurma işləri həyata keçirilir. Yollar çəkilir, məktəblər, xəstəxanalar, istehsal müsəsisələri, yaşayış evləri tikilir, bir sözlə yaşamaq və işləmək üçün lazım olan infrastruktur yaradılır.
Relyef baxımından Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Lakin bu çətinliklərə baxmayaraq, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Kəlbcər rayonunda “İstisu” sanatoriyasının təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addımlardandır. Ümumiyyətlə, dövlətimizin həyata keçirdiyi geişmiqyaslı yenidənqurma işləri deməyə əsas verir ki, çox yaxın gəlcəkdə Qarabağ və Şərqi Zəngəzur ölkəmizin, eləcə də regionun ən inkişaf etmiş bölgələrindən olacaqdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri