“Şagird sayı 150-dək olan məktəblərə direktor qəbulu müsahibə formasında, 151-500 olan məktəblərdə isə birinci test, uğur qazananlara müsahibə ilə seçim prosesi təşkil olunacaq”.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev isə deyib ki, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi 4 mərhələdən ibarət olacaq:
“Onlardan biri də müsahibə mərhələsidir. Bunun üçün xüsusi müsahibə komissiyaları yaradılacaq. Komissiyanın tərkibinə Regional Təhsil İdarəsinin nümayəndəsi və başqa ekspertlər daxildir. Bütün müsahibələrdə şəffaflığın qorunması məqsədi ilə videoçəkiliş aparılacaq. Şagird sayı 500-ə qədər olan məktəblərə direktorların işə qəbulu Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Şagird sayı 151-500 olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi zamanı namizəd istədiyi sayda vakant yerə iddia edə bilər”.